Prezident: “Rusiya ilə Türkiyə arasında danışıqların fəal gedişini alqışlayırıq”

Prezident: “Rusiya ilə Türkiyə arasında danışıqların fəal gedişini alqışlayırıq”

Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.

Azeri Defence”nin məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik.

Həm Rusiya, həm də Türkiyə – bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib: “Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, – əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, – regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş