Prezident Səlcuq Bayraqdarı və Haluk Görgünü qəbul edib – YENİLƏNİB

Prezident Səlcuq Bayraqdarı və Haluk Görgünü qəbul edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarı və ASELSAN şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

“Poliqon” xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Prezident İlham Əliyevi Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik edib, şəhidlərimizin xatirəsini anıb.

Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Dövlət başçısı Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilən Zirvə görüşündə Türkiyə Prezidentinin Azərbaycanı bu Qələbə münasibətilə bir daha təbrik etməsini yüksək qiymətləndirib.

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib.

Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş