Prezident vəzifəli şəxsləri İranla sərhəddə göndərib

Prezident vəzifəli şəxsləri İranla sərhəddə göndərib

Fevralın 24-də Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində son vaxtlar İranda müşahidə olunan “koronavirus” epidemiyasına qarşı dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanılması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz olaraq fəaliyyət göstərmələrinin monitorinqi keçirilib.

Müzakirələr zamanı bu günədək xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş