Prezidentin köməkçisi: Azərbaycan-Türkiyə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz”

Prezidentin köməkçisi: Azərbaycan-Türkiyə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz”

Azərbaycan və Türkiyə arasındakı sarsılmaz birlik əbədi və dönməzdir.

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev deyib.

“Bir müddət əvvəl Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən, bu gün də aktual olan mövzuya – Aralıq dənizinin şərq akvatoriyası ətrafındakı mübahisəli məsələyə məhz Türkiyəyə dəstək məqsədi ilə yanaşdı, qətiyyətli mövqeyini bildirdi. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi – deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyevin qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi”, – deyə M.Əliyev vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub: “Bir neçə il əvvəl – Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən məsələ yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki vahid qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir. Çünki Türkiyə dövləti də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davamlı olaraq Azərbaycanın mövqeyinə dəstək göstərib. Son hadisələr fonunda həyata keçirilən hərbi təlimlər də bu dəstəyin illərə söykənən bariz sübutudur. Artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz”.

General-polkovnik Məhərrəm Əliyev bildirib ki, sonrakı illərdə də ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutub. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının irəli sürdükləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tarixlərimizə yazılıb.

“Artıq dünyanın siyasi, iqtisadi düzəni dəyişir və xüsusilə, Qafqaz, Şərqi Aralıq, Yaxın Şərq və s. bölgələrdə yeni söz sahibləri meydana gəlib. Belə söz sahiblərindən biri də rəsmi Ankaradır. Bu xüsusda rəsmi Bakının da Ankara ilə eyni mövqeləri bölüşməsi söz yox ki, bizi istəməyən qüvvələri çox ciddi narahat edir. Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və irimiqyaslı, habelə döyüş şəraitinə ən yaxın olan hərbi təlimləri baş tutdu, bu təlimlər istər Bakıda, istər digər rayon və şəhərlərimizdə, habelə Naxçıvanda keçirildi. Bu, sübut edir ki, sözügedən reallıq düşməni və düşmənə havadarlıq edən bir sıra xarici dairələri həqiqətən də sarsıdır və qarşılaşacağı məğlubiyyətinin acısını indidən yaşadır. Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib – bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir”, – deyə M.Əliyev vurğulayıb..

KATEQORIYA:
Bu xəbəri paylaş