Prezidentin köməkçisi: Ermənistan ordusu Şuşa ətrafında meşələrin yandırılmasında ağ fosfordan geniş istifadə edib

Prezidentin köməkçisi: Ermənistan ordusu Şuşa ətrafında meşələrin yandırılmasında ağ fosfordan geniş istifadə edib

Ermənistan ordusu ağ fosfor tərkibli sursatlardan döyüş əməliyyatlarında, o cümlədən Şuşa ətrafında meşələrin yandırılmasında istifadə edib. Azərbaycan tərəfi bu barədə beynəlxalq təşkilatları, o cümlədən kimyəvi silahlara nəzarət edən və kimyəvi silahların qadağan edilməsi təşkilatlarını məlumatlandıracaq.

“Azeri Defence” saytının Füzuliyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev bir qrup yerli və beynəlxalq jurnalistin Füzuli rayonuna səfəri zamanı deyib.

“Burada gördüklərimiz Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan istifadə olunmasının növbəti faktıdır. ANAMA-nın nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Bundan əvvəl də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosforlu mərmilərdən istifadə edilmişdi. Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edib.

Təkcə bu əməliyyatlarda deyil, bundan əvvəlki əməliyyatlarda da – 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə olunub. Onların əsas hədəfi mülki obyektlər və mülki insanlar, əkin sahələri, həmçinin Azərbaycan Silahlı Qüvvələri olub. Bu barədə məlumatlar toplanılır.

Beynəlxalq təşkilatlara, o cümlədən kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ermənistan ağ fosfordan istifadəni özündə ehtiva edən müvafiq konvensiyalara qoşulmayıb. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqanizminə daxil olduğu təqdirdə bunun qısa müddətdə ölümə və ciddi yanğıya səbəb ola biləcək təsirləri var”, – deyə Hikmət Hacıyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş