Prezidentin köməkçisi: Ermənistan təxribatları davam etdirəcəksə, Azərbaycan cavab vermək məcburiyyətindədir

Prezidentin köməkçisi: Ermənistan təxribatları davam etdirəcəksə, Azərbaycan cavab vermək məcburiyyətindədir

Ermənistan Cəbrayılda, işğal olunmuş digər ərazilərdə süni məskunlaşdırma siyasəti aparırdı və Ermənistanın bu addımına reaksiya verilmirdi. Artıq indi təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Prezidentin köməkçisi bildirib ki, sülhə məcburetmə əməliyyatının birinci mərhələsinin başa çatıb: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə Konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alırlar”.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, 10 gün ərzində Cəbrayıl şəhərinin və onun kəndlərinin, eyni zamanda, Dağlıq Qarabağda Hadrut yaşayış məntəqəsinin və ətraf kəndlərin işğaldan azad edilməsi Ermənistana böyük psixoloji zərbədir.

“Münaqişələr tək hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin qazandığı uğurları diplomatik cəbhədə davam etdirməliyik. Hərbi qələbələrimizin davamı olaraq diplomatik-siyasi cəbhədə də üstünlüyümüz davam edir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycana müxtəlif təzyiqlər var və Prezident, Ali Baş Komandan İlham Əliyev bu təzyiqlərə mərd-mərdanə sinə gərməkdədir: “Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Əgər Ermənistan humanitar əsaslarla olan bu atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə cavab vermək məcburiyyətindədir”.

KATEQORIYA:
Bu xəbəri paylaş