Prezidentin köməkçisindən xəbərdarlıq: Danışıqlardan imtina erməni xalqına yaxşı heç nə vəd etmir

Prezidentin köməkçisindən xəbərdarlıq: Danışıqlardan imtina erməni xalqına yaxşı heç nə vəd etmir

“Ermənistan rəhbərliyinin, eləcə də bu ölkənin xarici işlər idarəsinin işğalçılıq mövqeyindən çıxış edən bəyanatlar səsləndirməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bəlli edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır”.

“AzeriDefence”nin məlumatına görə, bunu SİA xəbər agentliyinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyasının hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev bildirib.

Azərbaycanın danışıqlar prosesində münaqişənin hüquqi çərçivədə və sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan etdiyini deyən general-polkovnik Məhərrəm Əliyevin fikrincə, Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur.

Prezidentin köməkçisi qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransında, istərsə də MDB dövlət başçılarının iştirakı ilə keçirilən “Valday” klubunda çıxış edən cənab Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, işğalçılıq siyasəti ilə əsla barışmayacağını vurğulayıb. Əbəs deyil ki, məhz “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı hazırkı gündə də işğalçı erməni hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir.

“Onu da düşünürəm ki, onlar sadəcə qorxularını xalqdan bu cür uğursuz bəyanatları ilə gizlətməyə cəhd göstərirlər. Ümumiyyətlə, danışıqlar masasından imtina edən erməni tərəfi birmənalı şəkildə anlamağa məhkumdur ki, onların bu cür davranışları nə həmin dövlətə, nə də erməni xalqına yaxşı heç nə vəd etmir”, – deyə general-polkovnik M. Əliyev bəyan edib.

Məhərrəm Əliyevin fikrincə, sadə erməni xalqı ümumiyyətlə bir-birini müxtəlif yollarla dəyişən hakimiyyətlərin maraqlarını bölüşmür: “Tarix və sənədlər sübut edir ki, münaqişənin təməli xaricdə yaşayan erməni lobbisinin və əsasən də ultra-millətçi, eləcə də terror maraqlarından çıxış edən Daşnaksyutun təmsilçiləri tərəfindən qoyulub. Yəni bu məkrli planın işlənib-hazırlanmasında sadə erməni xalqı iştirak etməyib. Biz dəfələrlə şahidi olmuşuq ki, sadə xalq müharibəyə qarşı etiraz səsini ucaldır, Qarabağda hərbi xidmətə göndərilən və həlak olan gənclərin anaları münaqişəyə son qoyulmasını tələb edirlər. O da əbəs deyil ki, cənab Prezident İlham Əliyev bu məsələyə də münasibətini bildirib. Ölkə başçımız vurğulayıb ki, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Ermənistan rəhbərliyi işğalçı siyasətinə son qoymalı, torpaqlarımızı tərk etməlidirlər!”

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş