Prezidentin köməkçisi: Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib

Prezidentin köməkçisi: Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparıb. Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir.

“Azeri Defence” saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 30-da Baş Prokurorluqda təşkil olunan brifinqdə deyib.

Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma məsələsinə toxunub. Bildirib ki, cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır.

Azərbaycan məsuliyyət daşıyan şəxslərə qarşı fərdi məsuliyyət tədbirlərini davam etdirəcək. Eyni zamanda, beynəlxalq platformalarda da bunun qiymətinin verilməsi üçün addımlar atılacaq. Hər bir fakt üzrə Azərbaycanda konkret cinayət işi açılır.

Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir.

KATEQORIYA:
Bu xəbəri paylaş