Prezidentin köməkçisi: Ermənistanın davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin təhlükəsizliyini təmin edək

Prezidentin köməkçisi: Ermənistanın davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin təhlükəsizliyini təmin edək

Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü. Bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi. Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır.

“Azeri Defence” saytının məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar atəşkəsə sadiqdir: “Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək. Təkcə dünən gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub. Ermənistanın davam edən hərbi təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24 mindən çox mərmi atılıb, 1846 ev yararsız vəziyyətə düşüb. Həmçinin bir sıra digər mülki obyektlər də dağılıb.

Bizim məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, münaqişə artıq öz həllini tapmalıdır. Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq. Hikmət Hacıyev deyib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycana qarşı istifadə edir: “Eyni zamanda, Ermənistan öz diasporunun köməyi ilə “qara bazar”dan silahlar alaraq mülki təyyarələr vasitəsilə Ermənistana daşıyır və həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır.

Humanitar atəşkəs elan ediləndən 2 dəqiqə sonra Ermənistan silahlı qüvvələri təxribatlar törətdi. Azərbaycan Silahlı Qüvvələri isə onların layiqli cavablarını verdi. Bunun nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edildi. Bununla bağlı Prezident, Ali Baş Komandan İlham Əliyev də özünün “Twitter” hesabından xalqımıza xoş xəbəri çatdırıb”.

Prezidentin köməkçisi bildirib ki, hazırda ön cəbhədə vəziyyət gərgin olmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribatlarına layiqli cavab verir.

KATEQORIYA:
Bu xəbəri paylaş