Qəzənfər Əhmədov: “Ərazilərin PHS-lə çirklənməsi çox sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb ola bilər

Qəzənfər Əhmədov: “Ərazilərin PHS-lə çirklənməsi çox sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb ola bilər

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu günə kimi, Təhsil Nazirliyi ilə birlikdə 26 rayon və şəhərin 1 200 məktəbində 3 635 müəllimə 195 təlim keçirilib.

“Azeri Defence”nin məlumatına görə, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov bu gün keçirilən mətbuat konfrasında deyib.

Hər il orta məktəblərdə 55 000 şagirdə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) dərsləri keçirilir. İndiyə kimi bu dərslər orta məktəblərin 765 000 şagirdini əhatə edib.

“Bildiyimiz kimi, 2020-ci il 27 sentyabr – 9 noyabr tarixləri müddətində Dağlıq Qarabağ və ətrafında yaşanan konflikt geniş miqyaslı müharibə ilə nəticələnib, bir çox ərazilər partlamamış hərbi sursatlarla çirklənmişdir ki, bu da çox sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb ola bilər.

Bununla əlaqədar Agentliyin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin mütəxəssisləri 2020-ci il 27 sentyabr tarixindən etibarən əhalinin müxtəlif növ hərbi sursatlara qarşı həssaslığını artırmaq, onları mövcud təhlükədən xəbərdar etmək məqsədilə müharibəyə məruz qalmış bütün bölgələrdə əhali arasında maarifləndirmə işlərini həyata keçirir. Belə ki, indiyədək minlərlə sakin, o cümlədən uşaqlar partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində müxtəlif növ bukletlər və xəbərdaredici təbliğat vasitələri ilə təmin edilmiş, eyni zamanda əhalinin daha çox hərəkət etdiyi ictimai yerlərin, ofislərin, hökumət binalarının giriş qapılarına və pəncərələrinə kiçik plakatlar yapışdırılmış yol kənarlarını geniş məlumat lövhələri yerləşdirilib”, – deyə ANAMA direktoru vurğulayıb.

Qəzənfər Əhmədov bildirib ki, PSTM Proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və partlayıcı təhlükəsindən zərərçəkənlərin sayı minimuma enib: “Agentlik bir daha sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyatı üzrə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına) müraciət etməyə çağırır”.

KATEQORIYA:
Bu xəbəri paylaş