Qana sərhədlərini “Cobra II” ilə qoruyur

Qana sərhədlərini “Cobra II” ilə qoruyur

Qərbi Afrika ölkəsi olan Qana, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Türkiyənin “Otokar” şirkətindən satın aldığı 40 ədəd “Cobra II” təkərli taktik zirehli avtomobilləri ictimaiyyətə nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, Qana Silahlı Qüvvələrinin və Qana Müdafiə Nazirliyinin Baş Qərargahında (Burma Düşərgəsi) düzənlənən təqdimat mərasimində Qana Prezidenti Nana Addo Dankva Akufo-Addo da iştirak edib.

Mərasimdəki çıxışı zamanı dövlət başçısı qeyd edib ki, “Cobra II” zirehli avtomobilləri hərbi standartlara görə çox güclü və çox məqsədli zirehli nəqliyyat vasitələridir: “Bu, hazırda ortaya çıxan təhlükəsizlik təhdidlərini daha yaxşı idarə etməyimizə kömək edəcək. Həm qərb, həm də şərq sərhədlərimizi qorumağımıza imkan verəcək”.

“Cobra” zirehli avtomobili bir çox ölkələrin silahlı qüvvələrinin və təhlükəsizlik qüvvələrinin silahlanmasında yer alır.

Zirehli maşının bir neçə modifikasiyası mövcuddur:

– qülləsində 7,62×51 mm-lik pulemyot və 12,7×99 mm-lik “Browning” M2HB pulemyotu və ya 40×46 mm-lik Mk.19 avtomatik qumbaraatanı quraşdırılmış zirehli kəşfiyyat maşını;
– mühəndis-istehkam bölmələri üçün nəzərdə tutulmuş və qülləsində pulemyot əvəzinə 12,7×99 mm-lik M82A1 iriçaplı snayper tüfəngi quraşdırılmış EOD BRAAT zirehli maşını;
– qülləsində 20 mm-lik M621 “Nexter Systems” topu quraşdırılmış və 11 nəfər desant daşıyan “Cobra 20mm cannon carrier” zirehli transportyoru;
– TOW buraxma qurğulu tank əleyhinə “Cobra anti-tank vehicle” zirehli maşını;
– ARS-2000 radiolokasiya stansiyalı ARSV zirehli avtomobili;
– zirehli komanda-qərargah maşını;
– zirehli sanitar maşını.

– mina partlayışına qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP).

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş