Qarabağ müharibəsi veteranları cəbhədə olublar – FOTO

Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirləri çərçivəsində Tərtər rayonunun Qarabağ müharibəsi veteranlarından bir qrupu ön səngərə – döyüş mövqeyinə gedərək şəxsi heyətlə görüşüb, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Veteranları cəbhəyə yolasalma mərasimində çıxış edən ehtiyatda olan mayor Pənah Məmmədov bildirib ki, nə qədər gec deyil, qoy düşmən işğal etdiyi ərazilərdən qeyd-şərtsiz rədd olub getsin: “Yoxsa aprel döyüşləri yenidən təkrarlanacaqsa, bu dəfə vuracağımız zərbə daha sarsıdıcı, daha dağıdıcı olacaq. Döyüşlərdən çıxmış, böyük təcrübə toplamış biz veteranlar da Azərbaycan əsgərinin yanında olacağıq”.

Döyüş mövqelərində veteranları müşayiət edən Polkovnik Abdulla Qurbani keçmiş döyüşçüləri şəxsi heyətə təqdim edib. Onların 90-cı illərin əvvəllərində Ağdərə və Tərtər rayonları uğrunda göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tərtər qəhrəmanlarına həsr olunmuş “Batalyon” sənədli filmi nümayiş etdirilib. Əsgərlərin sualları cavablandırılıb. Polkovnik-leytenant Babək Səmidli bu cür görüşlərin davamlı olacağına əminliyini bildirib.

Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon filialının sədri Suliddin Yusifov, keçmiş döyüşçülərdən Mətləb Manafov, Elbrus Sadıqov, Elman Quliyev, Rövşən Məmmədov, Vüqar Quliyev və başqalarının çıxışları şəxsi heyətin böyük marağına səbəb olub.

Veteranlar aprel döyüşləri zamanı azad edilmiş yüksəkliklərə qalxaraq xidmət şəraiti ilə tanış olub, düşmən mövqelərini müşahidə edib, əsgərlərə məsləhətlər verib, düşmən təxribatlarının qarşısını qətiyyətlə alan şəxsi heyətin peşəkarlığının və döyüş ruhunun yüksək səviyyədə olduğundan böyük fərəh hissi keçirdiklərini bildirib, fəxri döyüş növbəsində hər bir gəncə örnək olacaq xidmət nümayiş etdiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş