Qarabağdakı separatçı silahlı birləşmələr Yaponiya istehsalı olan ICOM radiostansiyaları alıb – FOTOLAR

Ermənistan Ordusu və Dağlı Qarabağdakı separatçı rejimin silahlı dəstələri Yaponiyanın ICOM şirkətinin istehsalı olan rabitə vasitələri əldə edib.

“AzeriDefence”nin məlumatına görə, aprelin 2-dən 5-dək cəbhədə baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərindən əldə etdiyi qənimətlər arasında çox sayda Yaponiya istehsalı olan ICOM əl radiostansiyaları da olub.

Azərbaycanın Müdafiə Nazirliyi həmin radioların fotolarını nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, ermənilərin işğal altındakı Azərbaycan ərazilərindəki bölmələri ICOM rabitə cihazları ilə təchiz etməyə başlaması 3 il əvvələ təsadüf edir. 2013-cü ildə ermənilərin hərbi forumlarda paylaşdıqları fotolarda bu rabitə vasitələrinin üzərində marka silinmiş fotolarına rast gəlinir.

Ermənistanın bu rabitə vasitələrini Yaponiya şirkətindən birbaşa, yaxud üçüncü ölkə üzərindən satın alması barədə hər hansı məlumatlar yoxdur. Ermənistan Ordusunun geniş arealda bu rabitə vasitələrindən istifadə etməsi ICOM-un Ermənistan Ordusunun təchizatında birbaşa iştirak etdiyi ehtimalını önə çıxarır.

ICOM şirkəti daha çox dəniz sektorunda istifadə olunan rabitə vasitələri ilə tanınır.

Qeyd edək ki, 2012-ci ildə Ermənistan Müdafiə Nazirliyinin silahlı qüvvələrin rabitə sisteminin yenilənməsi proqramında iştirak üçün 3-ü Avropadan (biri Fransa, biri İtaliya, digəri Almaniya şirkəti) olmaqla, rabitə avadanlıqlarının istehsalı ilə məşğul olan 5 tanınmış şirkətə müraciət etdiyinə dair məlumatlar mediada yer alıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş