Qazaxıstan Çindən silahlı PUA alıb

Qazaxıstan Çindən “Wing Loong” silahlı pilotsuz uçuş aparatları (PUA) alıb.

“AzeriDefence”nin məlumatına görə, sifariş verilmiş PUA-ların ilk partiyası sentyabr ayında təhvil verilib. Hazırda Qazaxıstan heyətinə PUA-nın istismarı ilə bağlı təlimlər verilir.

Qazaxıstan ümumilikdə 6 PUA və onun yer idarəetmə kompleksini almağı planlaşdırır.

“AzeriDefence”yə danışan Qazaxıstan yetkililəri MALE sinif PUA-larının satın alınması üçün bir neçə ildir aparılan seçimə Çinin AVİC şirkətinin “Wing Loong”, BƏƏ-nin ADCOM Systems şirkəti “Yahbon United 40” və Türkiyənin TAİ şirkətinin isə “Anka”nı təklif etdiyini bildirib. Məlumatlara görə, TAİ buna qədər Qazaxıstan Müdafiə Nazirliyi ilə bir neçə görüşmə keçirib. Hətta “Anka”nın Qazaxıstanda birgə istehsalı da təklif olunub.

“Wing Loong” (“Pterodactyl” və ya “Əjdahanın qanadı”) PUA Çinin AVIC Dövlət Aviatikinti Korporasiyasına aid olan CADI Aviasiya Elmi Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. PUA-nın maketi ilk dəfə 2008-ci ildə, özü isə 2012-ci ildə Çində keçirilmiş aviasiya sərgisində təqdim edilib. Şirkət cari ilin iyun ayında Astanada keçirilən KADEX-2016 sərgisində PUA-nı sərgiləyib.

PUA-nın uçuş məsafəsi 3000 km, havada qalma müddəti təqribən 20 saat, faydalı yükü 200 kq-dır. Aparatın çəkisi 1,1 t, qanad açıqlığı 14 m, aparatın uzunluğu 9 m, maksimal uçuş hündürlüyü 5300 metr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş