Qazaxıstan Ordusu ASELSAN şirkətinə 3,5 milyon dollar dəyərində SARP döyüş modulu sifariş verdi

Türkiyənin ASELSAN şirkəti ilə Qazaxıstan Silahlı Qüvvələri arasında SARP silah sisteminin tədarükünə dair 3 milyon 570 min dollar dəyərində müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən Qazaxıstan Ordusunun zirehli nəqliyyat vasitələri ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılacaq. Müqavilə çərçivəsində sifariş olunan silah sisteminin tədarükünün 2017-ci ildə başa çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, ASELSAN-ın SARP döyüş modulu üzərində 12.7 mm və ya 7.62 mm-lik pulemyot , yaxud 40 mm-lik avtomatik qumbaraatan yer ala bilir. Döyüş modulunun sursat ehtiyatı 12.7 mm çaplı pulemyot üçün 400 patron, 7.62 mm çaplı pulemyot üçün 1000 patron, 40 mm-lik qumbaraatan üçün 96 qumbaradır. Döyüş modulu -30/+60° bucaq altında yüksəklikdəki hədəflərə atəş açmağa imkan verir. Sistem hərəkət halında belə hədəflərə yüksək dəqiqliklə atəş açmaq, gecə və gündüz görmə, hədəfin avtomatik şəkildə təqibi, balistik hesablama, məsafə ölçmə, kompüter bazalı atış-kontrol funksiyaları, sursatın bitməsi barədə xəbərdarlıq və digər özəlliklərə sahibdir.

Qeyd edək ki, ASELSAN 2015-ci ilin avqust ayında Qazaxıstan Quru Qoşunları ilə bənzər müqavilə imzalayıb. Sözügedən müqavilə çərçivəsində “Kazakhstan ASELSAN Engineering” şirkətində istehsal edilmiş SARP döyüş modulu “Arlan” (“Marauder”) maşınlarına qurulub.

İyun ayında Astana şəhərində keçirilmiş KADEX-2016 sərgisində “Kazakhstan ASELSAN Engineering” şirkəti tərəfindən modernizə edilmiş T-72 tankının nümunəsi üzərində SARP döyüş modulu ilə təqdim olunub.

_MRS3614

T-72 tankının SARP döyüş modulu ilə silahlandırılmış qülləsi

KATEQORIYA:
Bu xəbəri paylaş