Qazaxıstan Ordusu ASELSAN şirkətinin SARP silah sistemini seçdi

Qazaxıstan Silahlı Qüvvələri ASELSAN şirkətinin SARP silah sistemləri alır.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

ASELSAN-ın yaydığı məlumata görə, bununla bağlı tərəflər arasında avqust ayının 13-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, Qazaxıstan Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün yerli hərbi sənayenin imkanlarından istifadə edilməklə “Kazakhstan ASELSAN Engineering” şirkətində SARP uzaqdan idarə olunan silah sisteminin birgə istehsalı həyata keçiriləcək.

SARP sistemləri Qazaxıstan Ordusunun zirehli maşınlarının silahlanmasında istifadə olunacaq.

Qeyd edək ki, hazırda ASELSAN-ın uzaqdan idarə olunan silah sistemləri Türkiyə ilə yanaşı Xorvatiya, Qatar, BƏƏ, Pakistan, Bəhreyn, Malayziya, Türkmənistan, Misir və Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

ASELSAN-ın uzaqdan idarə olunan silah sistemləri ailəsinə SARP, STAMP, STOP və “Mühafiz” adlı sistemlər daxildir. Bu sistemlərin üzərində lazer məsafəölçən, uzun mənzilə və yüksək həssaslığa malik termal və gündüz kameraları yer alır. Silah sistemlər avtomatik video hədəf izləmə özəlliyinə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş