Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Qazaxıstan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Protokola uyğun olaraq qonaq öncə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf Kitabı” imzalanıb.

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla general-polkovnik S.Jasuzakov arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazilərinin işğal olunması faktı, qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu qonaqların diqqətinə çatdırılıb.

Sonra tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, Silahlı Qüvvələrin nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsi, Xəzər dənizi hövzəsində, o cümlədən ölkələrin yerləşdikləri regionlarda təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər.

Sonda Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargahları arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzi, Hərbi Dəniz Qüvvələrinin bazası və Azərbaycan sülhməramlıları ilə tanışlığı planlaşdırılıb.

Səfər iyulun 15-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş