Qazaxıstan Su-27 döyüş təyyarələrini modernləşdirib

Qazaxıstan Su-27 döyüş təyyarələrini modernləşdirib

Qazaxıstanın 2 ədəd Su-27UBM-2 döyüş təyyarəsi əsaslı təmir və modernizasiya işlərindən sonra Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu barədə “AzeriDefence”ə “Kazakhstan Engineering” şirkətinin mətbuat xidmətindən məlumat verilib. Su-27UBM-2 döyüş təyyarələrinin əsaslı təmir və modernizasiya işləri “Kazakhstan Aviation Industry” şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Təkmilləşdirilmiş döyüş təyyarələrinin qəbul edilməsi və uçuş sınaqlarının keçirilməsində Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, Aviasiya general-leytenantı Nurlan Ormanbetov, Hərbi Hava Qüvvələrinin komandanı, ön xətt aviasiya pilotları, habelə hərbi aviasiya mühəndisləri iştirak ediblər. Hərbi pilotlar görülən işlərə müsbət qiymət veriblər.

Bildirilib ki, modernləşdirilmiş təyyarələrin döyüş qabiliyyəti artırılıb. “Hava-hava” və “hava-yer” tipli yüksək dəqiqlikli silah sistemlərindən istifadə etmək üçün geniş imkanları var. Su-27UBM-2 təyyarələri əlavə naviqasiya sistemi ilə təchiz edilib. Bundan başqa döyüş təyyarələrinin xarici asqısı da artırılıb.

Məlumatda o da qeyd edilib ki, “Kazakhstan Aviation Industry” şirkətinin mühəndis heyəti Su-27UBM-2 təyyarələrinin təmir işlərini Belarus “558-ci Aviasiya təmir zavodu”nun mütəxəssisləri ilə birlikdə həyata keçiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş