Qazaxıstan üçüncü raket-artilleriya gəmisini suya endirib

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin 252 bort nömrəli “Sarıarka” adlı yeni raket-artilleriya gəmisi mayın 7-də suya endirilib. Bu barədə “AzeriDefence” “KazTAQ” agentliyinə istinadən məlumat verib.

Uralskda yerləşən “Zenit Ural zavodu”nda tikilmiş gəminin cari ilin sonuna qədər HDQ-nin sıralarına qəbulu planlaşdırılır.

Bu “Qazaxıstan” layihəli üçüncü raket-artilleriya gəmisidir.

Layihə üzrə inşa olunmuş “Qazaxıstan” adlı ilk gəmi 2012-ci ilin aprelində suya endirilib. Gəminin uzunluğu 40.6 metr, su basımı 240 ton, sürəti 30 mildir.

Birinci gəminin silahlanmasında 25 mm çaplı 2M-3M artilleriya qurğusu, 23 mm çaplı ZU-23 zenit topu və 12 lüləli 122 mm çaplı reaktiv atəş sistemi yer alır.

“Oral” adlı ikinci gəmi isə ötən ilin aprelində suya endirilib. Həm “Oral”, həm də “Sarıarka” 30 mm çaplı 6 lüləli AK-306 artilleriya sistemi, Ukrayna istehsalı olan “Arbalet-K” hava hücumundan müdafiə sistemi, “Baryer-VK” raket kompleksi və “Kaskad-250” idarəetmə sistemi ilə təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş