Qazaxıstanın yerli PUA istehsalı və satınalmaları

Qazaxıstanın yerli PUA istehsalı və satınalmaları

Mərkəzi Asiya respublikaları ordu, güc strukturları və digər qurumların PUA-larla təchizatını xaricdən (İsrail, Rusiya, Çin, İtaliya, Belarus) satınalmalar və yerli istehsal hesabına həyata keçirir.

“AzeriDefence”nin məlumatına görə, region ölkələrindən Qazaxıstan yerli istehsalın yaradılması istiqamətində mühüm addımlar atmağa nail olsa da, digər dövlətlər barədə bunu demək mümkün deyildir.

Qazaxıstan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti ötən 15 ildə İsrailin “Elbit Systems” şirkətindən açıqlanmayan sayda “Skylark I-LEX”, Çinin AVIC şirkətindən 2016-cı ildə 4 ədəd “Wing Loong I” kəşfiyyat-zərbə PUA, 2012-ci ildə Rusiyanın “İrkut” şirkətindən 24 ədəd “İrkut-10”, 2 ədəd “İrkut-2M” PUA-lar əldə edib. “YAK Alakon” Qazaxıstan-Rusiya birgə müəssisəsinin rəhbəri Aleksandr Toporov 2012-ci ilin sentyabr ayında KİV-ə açıqlamasında Qazaxıstan Ordusunun “İrkut-3” PUA-larına da maraq göstərdiyini, sonuncuların əldə edilməsinə dair görüşlərin davam etdiyini bildirimişdi.

Qazaxıstan Ordusunun silahlanmasında yer alan “Skylark I-LEX” PUA

Uçuş müddəti 2 saat təşkil edən “İrkut-10” PUA-nın qanad açıqlığı 2 m, maksimal uçuş kütləsi 8.5 kq, sürəti 120 km/saat, uçuş radiusu 70 kilometrdir.

“İrkut-10” PUA-lar Qazaxıstan Ordusunun silahlanmasına “Sunkar-2” adı ilə qəbul edilib.

Qazaxıstan 2012-ci ildə hazırladığı proqramda 2020-ci ilədək Quru Qoşunlarının bütün taborlarını PUA-larla təchiz etməyi planlaşdırır. Plana əsasən hər bir tabor bir PUA kompleksi (2 ədəd PUA və yer idarəetmə stansiyası) ilə təchiz edilməlidir.

Qazaxıstan Müdafiə Nazirliyi 2008-ci ildə İsrailin “Aeronautics” şirkətindən açıqlanmayan sayda “Orbiter 2” PUA əldə etsə də az sonra hərbçilər alınmış sistemləri köhnəlmiş adlandırıb şirkətə qarşı iddia qaldırdılar. “Aeronautics”in Qazaxıstanda işlərini həyata keçirən İsrail vətəndaşı Boris Şeynkman həbs edildi. Şeynkmanla dostluq münasibətlərində olmuş müdafi nazirinin sabiq müavini Hacımurat Maermanov vəzifəsindən azad edildi.

Qazaxıstan Sərhəd Qoşunlarının silahlanmasında yer alan ZALA-421-22 VTOL PUA

Qazaxıstanın güc strukturları Rusiyanın “ZALA Aero” şirkəti ilə sıx əmməkdaşlıq edir. 2019-cu ildə “ZALA Aero” Almatı şəhərində özünün yerli şirkətini açaraq, Qazaxıstanda satış və satış sonrası texniki dəstək işlərini lokallaşdırmaq istiqamətində addımlar atıb.

Hazırda “ZALA Aero” şirkətinin istehsalı olan ZALA 421-16E pilotsuz uçuş aparatları Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin istifadəsinə daxildir.

2019-cu ilin sonlarında Qazaxıstanın Sərhəd Xidməti “ZALA Aero”dan açıqlanmayan sayda ZALA 421-22 PUA-ları əldə edib.

Mülki sahədə xəritəçəkmə idarələri və aqrar sektor üçün “Navistar Asia” şirkəti tərəfindən İsveçrənin “SenseFly” şirkətinin istehsalı olan “Ebee SQ” və “SenseFly” dronlarının, “Kazinfoservis” şirkəti tərəfindən Hong-Konqun “Keweitai” şirkətinin KWT-GX350 satışı həyata keçirilib.

Yerli istehsal

Ordu, güc strukturları və mülki qurumların artan tələblərini müasir aviasiya texnologiyaları ilə qarşılanmasını məqsədi ilə 2012-ci ildə “Kazakhstan Engineering” Milli Şirkətinin nəzdində “Qazaxstan Aviasiya Sənayesi” MMC (Kazakhstan Aviation Industry -KAI) “Skylark I-LEX” tipli pilotsuz uçuş aparatların yığımı və texniki xidmət, Cari ilin sentyabr ayında KAI və İsrailin “Elbit Systems” şirkəti arasında “Hermes-450” PUA-ların birgə istehsalına dair uzunmüddətli müqavilə və xüsusi istifadə hüquqlarının ötürülməsinə dair lisenziya müqaviləsi imzalanıb. Müəssisə eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda adıçəkilən PUA-ların təmirini təşkil edəcək.

KAI şirkəti tərəfindən yaradılmış və hazırda sınaq mərhələsində olan PUA-nın prototipi

KAI tərəfindən yerli mütəxəssislərin iştirakı ilə yaradılmış və ilk prototipi KADEX-2018 sərgisində nümayiş etdirilmiş taktik PUA hava kəşfiyyatının aparılması, atəşin idarə edilməsi, rradioelektron mübarizə, axtarış xilasetmə və s. missiyalar üçün konfiqurasiya oluna biləcək.

Şirkətdən “Azeri Defence”yə verilən məlumata görə, yerli PUA-nın uçuş müddəti başlanğıcda 3 saat, uçuş radiusu 40 km, uçuş tavanı 4500 metr, maksimum sürəti 92 km/saat təşkil edir.

Qanad açıqlığı 2.9 metr təşkil edən PUA-nın uzunluğu 2.2 metr, çəkisi 6.5kq, faydalı yükü 1.2 kiloqramdır.

İnnovativ texnologiyaların yaradılması istiqamətində tədqiqatlar aparan “KazTechInnovations” (KTİ) şirkətinin baş direktoru Tahir Balbayevin sözlərinə görə, bu günədək KTİ tərəfindən 3 PUA layihələndirilib. Bu layihələrdən biri Qazaxıstanın Müdafiə Universiteti ilə birlikdə işlənir.

KTİ-nin saytında istehsal edilən PUA-lardan birinin taktiki-texniki göstəriciləri barədə qısa da olsa məlumat verilib. Uzunluğu 1.6 metr, qanad açıqlığı 2 metr təşkil edən PUA-nın faydalı yükünün yarım kiloqrama qədər, sürətinin 90 km/saat olduğu bildirilir. Havada 90 dəqiqə qala bilən PUA-nın uçuş hündürlüyü 1000 metrə yaxın, uçuş radiusu 70 kilometr təşkil edir.

KazUAV şirkətinin istehsalı olan PUA

2016-cı ildən kiçik ölçülü, əsasən multikopter tipli PUA-nın istehsalı ilə məşğul olan “KazUAV” şirkəti Qazaxıstan xüsusi xidmət orqanlarının və mülki qurumların PUA-larla təchiz edib. 2019-cu ilin yayında PUA istehsalı sahəsində ixtisaslaşmış Yaponiyanın “Terra Drone” korporasiyası “KazUAV” şirkətində 49% paya sahib olub.

“KazUAV” şikətinin istehsalı olan dronlar hazırda Qazaxıstanın təhlükəsizlik orqanları və aerofoto çəkilişlər aparan qurumlar tərəfindən istifadə edilir. Şirkətin sabit qanad PUA 4 saatadək havada qalır. Sürəti 65-120 km/saat təşkil edən PUA-nın faydalı yükgötürmə qabiliyyəti 2.5 kq-a qədərdir. Şirkətin digər modeli havada 50 dəqiqə qalır və 1 kq faydalı yükgötürmə qabiliyyətinə sahibdir. 60 km/saat sürətlə hərəkət edən PUA-nın uçuş radiusu 10 km-ə qədər təşkil edir.

Mart və prel aylarında yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərində Qazaxıstanın müvafiq qurumları “KazUAV”ın PUA-larından istifadə edib. PUA-larla paytaxt Nur-Sultan şəhərində və paytaxtın çıxışlarında müşahidə-nəzarət apararaq sürətli patrul xidməti həyata keçirilib.

PUA istehsalı və Qazaxıstan Ordusunun silahlanmasındakı “İrkut” pilotsuz uçuş aparatlarına servis xidmətinin göstərilməsi üçün üçün yaradılan “YAK Alakon” birgə müəssisəsi 2013-cü ildə PUA istehsalı və sınaqlarının keçirilməsi üçün Qazaxıstan hökumətindən lisenziya almışdır. Şirkət “Sunkar-1”, “Sunkar-2”, “Sunkar-3” modellərini təklif edir. Şirkətin hazırladığı hərbi və mülki təyinatlı “Sunkar-200” PUA prototipinin elekto-optik və infra-qırmızı kameralarla təchiz edilib. 12 saata qədər havada qala biləcək “Sunkar-200”ün sürətinin 210 km/saat təşkil etdiyi iddia olunur. PUA-nın uzunluğu 4.53 m, qanad açıqlığı 5.34 m, maksimal uçuş kütləsi 200 kq, kreyser sürəti 140 km/saat, uçuş hündürlüyü 5000 metr, uçuş uzaqlığı 200 km təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş