Qəbələ RLS-lə bağlı müzakirələr mart ayınadək yekunlaşacaq -EKSKLÜZİV

Qəbələ RLS problemi çözülür
Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin artırılmasına dair danışıqlar 2013-cü ilin mart ayınadək yekunlaşdırıla bilər. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv açıqlamasında Rusiya ilə danışıqlar aparan Azərbaycan nümayəndə heyətininin adının çəkilməsini istəməyən yüksək vəzifəli üzvü məlumat verib.

Nümayəndə heyəti üzvünün sözlərinə görə, danışıqlarda elə bir ciddi problem yaşanmır. Sadəcə olaraq əsas problem icarə haqqı ilə bağlıdır ki, bu məsələdə artıq kompromis variant mövcuddur. Texniki məsələlərlə bağlı problemlər isə həllini tapıb.

Müzakirə olunan məsələlər arasında RLS-in növbəti icarə müddətinin də yer aldığını deyən hökumət rəsmisi burada 10 il, az və ya çox müddətin nəzərdə tutulduğunu açıqlamayıb.

Hökumət rəsmisinin sözlərinə görə, Rusiya RLS-də xidmət edən Azərbaycan hərbçilərinin sayının artırılması məsələsinə etiraz eləmir: “Məndə olan məlumata görə, orada bu gün kifayət qədər hərbçimiz çalışırlar. Qarşı tərəf danışıqlarda bu sayın artırılmasına hər hansı bir etiraz fikri səsləndirməyib”.

Hökumət nümayəndəsi danışıqların davam etdiyi son bir ildə RLS-in icarə haqqının əvvəlki illər üçün müəyyənləşdirilmiş formatda ödənəcəyini düşünür. Onun sözlərinə görə, 10 il əvvəl imzalanmış müqavilədə belə bir müddəa mövcuddur.

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Azərbaycan stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib.

Yayılan məlumatlara görə, Azərbaycan hazırda RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.

KATEQORIYA:
Bu xəbəri paylaş