Qüdrət Qurbanov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Dövlət Dəniz Administrasiyasında (ARDDA) Meksika Birləşmiş Ştatlarının Azərbaycandaki səfiri Xuan Rodriqo Labardini Floreslə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə ARDDA mətbuat xidmətindən məlumat verilib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Azərbaycanda dövlət başçısı tərəfindən dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını diqqətə çatdırıb. Q. Qurbanov bildirib ki, ARDDA qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanda tətbiqinə xüsusi diqqət yetirir.

Azərbaycanla Meksikanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığına toxunan Q.Qurbanov qeyd edib ki, Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu C kateqoriyası üzrə Meksikanın üzv seçilməsi Administrasiya tərəfindən daim hərtərəfli dəstəklənib. Q.Qurbanov Azərbaycan ilə Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən səfir X.Flores bu illər ərzində Azərbaycanla Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini bildirib.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Meksika arasında digər sahələrlə yanaşı dəniz nəqliyyatı sahəsində də ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar və perspektivlər mövcuddur. Bildirilib ki, Meksikanın bu sahədə böyük və zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq ARDDA bu əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsində və təcrübə mübadiləsinin aparılmasında maraqlıdır və bu istiqamətdə səylərin artırılması, eləcə də daim diqqət mərkəzində saxlanılması zəruridir.

Səfir müxtəlif sektorlar üzrə ikitərəfli əlaqələrin möhkəmlənməsi barədə danışıb. Bu xüsusda ARDDA ilə onun Meksikadakı həmkar qurumu arasında mümkün əməkdaşlığı qeyd edilib. Həmçinin, diplomat Meksikada limanların rolu və dəniz sektorunun vacib məlumatlarını diqqətə çatdırıb.

Beynəlxalq Dəniz Təşkilatındakı üzvlükləri haqqında söhbət edən tərəflər bu qurum çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edərək, məsələ ilə bağlı fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş