Qüdrət Qurbanov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örkan Özaralla görüş keçirib.

Bu barədə “AzeriDefence”yə Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən məlumat verilib.

Q. Qurbanov iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nəaliyyətlər, Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhvə barədə səfirə ətraflı məlumat verilib.

Görüşdə, Azərbaycanın BMT-nin Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyasında və adıçəkilən Təşkilatın Alt Komitələrinin sessiyalarında, Şurasına keçirilən seçkilərdə Türkiyəyə daim yaxından dəstək olduğu qeyd edilib.

Eyni zamanda “Türk Loydu” təsnifat cəmiyyətinin Azərbaycanda fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu, ticarət gəmiçiliyi sahəsinin getdikcə inkişaf etdiyi, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

Həm Azərbaycan, həm də xarici bayraq altında üzən gəmilərdə təcrübəli azərbaycanlı dənizçilərin olduğu diqqətə çatdırılıb.

Vaxtilə Azərbaycanda çalışdığını qeyd edən səfir Örkan Özaral Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb.

Səfir bildirib ki, ölkədə gedən sürətli inkişaf prosesi bütün sahələrdə olduğu kimi Dövlət Dəniz Administrasiyasının da fəaliyyətində nəzərəçarpacaq şəkildə hiss olunur.

Səfir həmçinin ARDDA tərfindən dəniz nəqliyyatı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələrinin Azərbaycandan kənarda da hiss edildiyini vurğulayıb.

Örkan Özaral bu səbəbdən Azərbaycanın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici xarakter daşıdığını, Türkiyə Loydunun da bu təsnifat cəmiyyətləri cərgəsində ön sıralarda olduğunu və Azərbaycan Dövlət bayrağı altında üzən bir neçə gəmiyə “Türk Loydu” təsnifat cəmiyyəti tərəfindən texniki nəzarətin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycan Dövlət bayrağı altında üzən 10-a yaxın gəminin Qara dənizdə həyata keçirilən yük daşımalarına yaxından cəlb edilməsi və Türkiyəyə məxsus tərsanələrdə bir neçə gəmimizin inşa edildiyi, habelə bu sahədə gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş