Rəis müavini: Qismən səfərbərliyə əsgərlər, çavuşlar və gizirlər 35, zabitlər 50 və daha yuxarı yaş həddində cəlb olunacaqlar

Rəis müavini: Qismən səfərbərliyə əsgərlər, çavuşlar və gizirlər 35, zabitlər 50 və daha yuxarı yaş həddində cəlb olunacaqlar

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Sərəncamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi nəqliyyat  vəzifəsindən irəli gələn tədbirləri həyata keçirmək tapşırılıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə keçirdiyi brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Zaur Abdullayev bildirib.

General qeyd edib ki, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 yaş və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.

“Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün bütün imkanlara malikdir. Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, tərəfimizdən zənglər və SMS-lər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər”, – deyə general-mayor Zaur Abdullayev bildirib.

General onu da qeyd edib ki, son günlər çox sayda Azərbaycan vətəndaşı könüllü olaraq respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Xiddmətə müraciət edirlər: “Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirlərində də böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş