Ramil Usubov Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanını qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, R. Usubov ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

R.Usubov 1997-ci il oktyabrın 31-də hökumətlərarası “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarma İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol”un imzalandığını, bununla da Daxili Qoşunlarla Jandarma Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsasının qoyulduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, dost və qardaş dövlətin müvafiq qurumları ilə əlaqələr ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulub.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin DİN, o cümlədən Jandarma Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirməsinə böyük önəm verildiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

Daha sonra qonağa müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqların işğalı, 1 milyondan artıq soydaşın doğma yurdlarından qaçqın düşməsi, Azərbaycanda cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının Azərbaycana səfərinin əlaqələrin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirən Y.Güler, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib. Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin hər iki xalqın və ölkənin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib

KATEQORIYA:
Bu xəbəri paylaş