Riqada Azərbaycan və Latviya müdafiə nazirlərinin görüşü keçirilib

Latviyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaxın günlərdə bu ölkənin prezidenti vəzifəsinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonis ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, qarşılanma mərasimində nazirlər fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Latviyaya rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Zakir Həsənov bu ölkənin prezidenti vəzifəsinə seçilməsi münasibətilə Raymonds Veyonisi təbrik edib və ona bu yüksək dövlət fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb.

“Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə Silahlı Qüvvələrimizin möhkəmlənməsinə kömək edəcəkdir” – deyə, Z. Həsənov bildirib.

R.Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycan ilə Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Latviyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube iştirak edib.

Səfər iyulun 4-də başa çatacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş