ROKETSAN şirkətinin rəhbəri: Azərbaycana idarə olunan TRG-300 raketlərinin çatdırılması yekunlaşmaq üzərədir

Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın sifariş verdiyi TRG-300 idarə olunan raketlərin çatdırılmasını tamamlamaq üzərədir.

Bu barədə “AzeriDefence”yə “Silah və Təhlükəsizlik-2017” sərgisində iştirak edən ROKETSAN şirkətinin İdarə Heyətinin sədri, istefada olan general-polkovnik Emin Alpman bildirib.

Emin Alpmanın sözlərinə görə, “Qasırğa” sistemindən atılan bu 300 mm çaplı raketlər hədəfi yüksək dəqiqliklə vurmağa imkan verəcək. Raketin mənzili 130 kilometrdən çoxdur. Raket maksimum məsafədə hədəfi 15-20 metr sapma ilə vurmağı bacarır.

“Biz bununla Azərbaycan Ordusunun gücünə güc qatmış olduq. Azərbaycan TRG-300 raketlərinin Türkiyədən sonra ilk istifadəçisidir”, – deyə şirkət rəhbəri bildirib. O, Azərbaycandan idarə olunan 122 mm-lik raketlərə də maraq olduğunu qeyd edib.

ROKETSAN-ın “Qasırğa” sistemindən atışlar üçün hazırladığı TRG-300 “Tiger” raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqram, döyüş başlığı 105 kiloqramdır. Raket GPS və İNS naviqasiyasına malikdir. Uçuşa aerodinamik nəzarət və elektromexaniki dəqiqləşdirmə sistemi vasitəsi ilə nəzarət olunur. Gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanmış TRG-300 “Tiger” raketləri 2016-cı ilin noyabr ayında Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Qeyd edək ki, TRG-300 raketləri Azərbaycan və Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistanın paytaxtı İrəvan da daxil olmaqla, ölkənin dərinliyindəki istənilən hərbi hədəfləri vurmağa imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş