ROKETSAN “Sunqur” zenit-raket kompleksini ictimaiyyətə təqdim edib

ROKETSAN “Sunqur” zenit-raket kompleksini ictimaiyyətə təqdim edib

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Sunqur” hava hücumundan müdafiə sistemi ilk dəfə ictimaiyyətə təqdim edilib.

Azeri Defence saytının “C4 Defence”ə istinadən verdiyi məlumata görə, “Sunqur” zenit-raket kompleksi BMC şirkətinin 4×4 təkər formuluna malik “Vuran” zirehli avtomobilinin üzərinə inteqrasiya edilib. Portativ xüsusiyyətləri “Sunqur” ZRK-ni yer, hava və dəniz platformalarına inteqrasiya edilməsinə imkan verir. Habelə  “Sunqur”un çiyindən atıla bilən versiyası da var.

Nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış “Sunqur” gecə və gündüz saatlarında hədəflərin aşkarlanması, ayırd edilməsi, izlənməsi və 360 dərəcə üfiqi müstəvidə atış qabiliyyətinə sahibdir.

Yüksək effektivliyə və manevr qabiliyyətinə, o cümlədən yüksək dəqiqliyə və maneələrə qarşı qoruma xüsusiyyətlərinə sahib raket titan döyüş başlığına, hədəfin uzaq məsafədən görünməsini təmin edən nişangahla dəstləşdirilib.

Məlumatda o da qeyd olunub ki, “Sunqur” zenit-raket kompleksləri 2020-ci ilin sonundan etibarən tədricən Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş