“Rosomak” transportyorunun “Spike LR” ilə sınaq atışı keçirilib

“Rosomak” transportyorunun “Spike LR” ilə sınaq atışı keçirilib

Yeni ZSSW-30 pilotsuz qülləli Polşanın “Rosomak IFV” zirehli transportyoru gücləndirilib. Belə ki, zirehli maşın heyətin daha çox həyatdaqalma qabiliyyətini təmin edir və tank əleyhinə idarə olunan raketlər sayəsində daha çox atəş gücünə malikdir.

“Poliqon” xəbər verir ki, Polşanın müdafiə sənayesi şirkəti olan “Huta Stalowa Wola SA” (HSW), 8×8 təkər formullu “Rosomak APC” zirehli transportyoruna quraşdırılmış uzaqdan idarə olunan ZSSW-30 döyüş modulunun sınaqlarını keçirib.

Xüsusilə, döyüş maşının atəş gücünü artıran və düşmənin əsas döyüş tanklarını məhv edə biləcək tank əleyhinə idarə olunan “Spike LR” raketi ilə atəş sınaqları aparılıb.

Məlumat üçün qeyd edək ki, “Spike LR” raketi, İsrailin “Rafael” şirkətinin istehsalı “Spike” ailəsindən olmaqla, hədəfləri maksimal 4000 m-ə qədər məsafədə məhv edə bilir. Raketin daha uzun mənzilli, 5500 metr atəş məsafəli yeni versiyası isə “Spike LR2” raketidir.

Qüllə sağ bortda quraşdırılmış konteynerdə saxlanılan iki dəst “Spike LR” tank əleyhinə raket buraxma qurğusundan başqa, döyüş modulu 30 mm-lik ATK-44 topu və qoşalaşdırılmış 7.62 mm UKM-2000C pulemyotu ilə də təchiz edilib.

Qüllədə, həmçinin termal nişangah, lazer məsafəölçən və Nike PCO GOC-1 sistemi quraşdırılıb.

Hal-hazırda Polşa ordusu, “Bumar” şirkəti tərəfindən İtaliyanın “Oto Melara” şirkətinin Polşada istehsal olunan iki nəfərlik HITFIST-30P qülləsi ilə təchiz edilmiş “Rosomak” təkərli zirehli transportyorundan istifadə edir.

HSW şirkətinin yayımladığı videoçarxda buraxma qurğusu inteqrasiya olunmuş ZSSW-30 döyüş modullu KTO “Rosomak” (Kołowy Transporter Opancerzony “Rosomak”,) zirehli döyüş maşını “Spike LR” tank əleyhinə idarə olunan raketlə sınaq atışlarını yerinə yetirilməsi əks olunub.

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş