“Rostex” yenilənmiş Mi-35P helikopterin seriyalı istehsalına başlayıb

“Rostex” yenilənmiş Mi-35P helikopterin seriyalı istehsalına başlayıb

Rusiyanın “Vertolyotı Rossii” şirkəti (“Rostex” Dövlət Korporasiyasına daxildir) “Rostvertol” müəssisəsində yenilənmiş Mi-35P döyüş helikopterlərinin seriyalı istehsalına başlayıb.

Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mi-35P döyüş helikopterinin ilk prototipi performans xüsusiyyətlərini və dizayn dəyişikliklərinin düzgünlüyünü təsdiqləyən uçuş testləri proqramını tamamlayıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, Mi-35P döyüş helikopteri Mi-24 ailəsinin ən yaxşı keyfiyyətlərini və Rusiyanın avionika sahəsindəki son inkişaflarını özündə cəmləşdirib.

“Ötən il Mi-35P döyüş helikopterini bir neçə potensial müştəriyə nümayiş etdirdik. Bu gün əminliklə deyə bilərik ki, bu helikopterə tələbat var. Xarici sifarişçi ilə bağlanmış ilk müqaviləyə əsasən Mi-35P helikopterinin seriyalı istehsalına başlanılıb”, – deyə “Vertolyotı Rossii” şirkətinin baş direktoru Andrey Boqinski vurğulayıb.

Qeyd edək ki, yenilənmiş Mi-35P döyüş helikopteri Rusiyanın Moskva vilayətində avqustun 23-dən 29-dək keçirilən “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda nümayiş etdirilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş