Rus tanklarına qarşı JAVELİN

Rus tanklarına qarşı JAVELİN

Son onillikdə ABŞ Hökuməti tərəfindən Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) və Xarici Hərbi Maliyyələşmə (Foreign Military Finance – FMF) proqramları çərçivəsində postsovet respublikalarına silah və hərbi texnikaların tədarükü istiqamətində addımlar atılıb. Əvvəlki illərdə FMS proqramından NATO üzvü olan Baltik dövlətləri yararlana bildikləri halda, son 5 ildə bu siyahıya Gürcüstan və Ukrayna da əlavə edilib. Qeyd olunan dövrdə FMS çərçivəsində postsovet respublikalarına ümumi dəyəri 1.32 milyard ABŞ dolları təşkil edən hərbi texnikaların və silahların satışı reallaşdırılıb.

Qoşunların istifadəsində yer alan köhnə tank əleyhinə idarə olunan raketləri (TƏİR) qərb analoqları ilə əvəz edən postsovet respublikalarının seçimində daha çox İsrail istehsalı olan “Spike” və ABŞ istehsalı olan FGM-148 “Javelin” TƏİR komplekslərinə üstünlük verilməsi müşahidə olunmaqdadır. Dünyanın müxtəlif bölgələrində gedən hərbi əməliyyatlarda keçmiş Sovet və Rusiya istehsalı olan tanklara qarşı tətbiq edilərək özünü doğrultmuş hər iki TƏİR kompleksləri Azərbaycan, Gürcüstan, Latviya, Litva, Estoniya və Ukrayna tərəfindən silahlanmaya qəbul edilib.

Gürcüstan ABŞ-dan 72 ədəd “Javelin” CLU, 410 ədəd raket, 70 simulyator alıb

2019-cu ilin oktyabr ayının əvvəlində ABŞ Dövlət Departamentinin Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) Ukraynaya 39.2 milyon ABŞ dolları dəyərində FGM-148 “Javelin” TƏİR kompleksinin tədarükünə icazə verildiyini açıqlayıb. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən “Raytheon” şirkəti Ukrayna Müdafiə Nazirliyinə əlavə partiyada 150 ədəd FGM-148 “Javelin” raketi və 10 ədəd buraxıcı qurğunun ixracını həyata keçirməyi planlaşdırır. Bununla da Ukraynanın silahlanmasındakı “Javelin” raketlərinin sayı 360 ədəd, buraxıcı qurğunun sayı isə 47 ədəd təşkil edəcək. Qeyd edək ki, bundan əvvəl, 2018-ci ildə Ukraynaya 47 milyon dollar təşkil edən müqavilə çərçivəsində 37 ədəd “Javelin” buraxıcı qurğusunun (CLU), 210 ədəd raketin və ehtiyat hissələrin satışı reallaşdırılıb.

2017-ci ilin noyabr ayında ABŞ Dövlət Departamenti Gürcüstana FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib. Ümumi dəyəri 75 milyon dollar təşkil edən müqavilə çərçivəsində Gürcüstanın Müdafiə Nazirliyi 2018-2019-cu illərdə ABŞ-dan 72 ədəd “Javelin” CLU, 410 ədəd raket, 70 simulyator, habelə ehtiyat hissələr əldə edib. Mediada yer alan məlumatlara görə, rəsmi Tiflis növbəti “Javelin” partiyasının satın alınması imkanlarını nəzərdən keçirir və bununla bağlı qərarın 2019-cu ilin sonlarında açıqlanacağı gözlənilir.

2015-ci ilin sonlarında imzalanmış müqaviləyə əsasən Litva ABŞ-dan 55 milyon dollar dəyərində 74 ədəd “Javelin” CLU və 230 ədəd idarə olunan raket, Estoniya isə 2014-cü ildə imzalanmış 55 milyon dollar dəyərində müqavilə çərçivəsində 120 “Javelin” CLU, 16 ədəd simulyator, 350 ədəd idarə olunan raket, 102 ədəd təlim raketi satın alıb.

ABŞ Ordusunun silahlanmasında 1975-ci ildən yer alan M47 “Dragon” TƏİR-lərin əvə edilməsi üçün yaradılmış FGM-148 “Javelin” TƏİR kompleksi “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunur. İlk mərhələdə TI AAWS-M indeksi verilmiş raket kompleksi yaradılarkən müasir sovet tankları ilə mübarizə apara bilmə, gündüz və gecə vaxtı, ən azı 2 km effektiv atış məsafəsi, “yumşaq işəsalma”, daşınma rahatlığı kimi tapşırıqlar nəzərə alınmışdır. 1988-1989-cu illərdə keçirilən sınaqlardan sonra, 1989-cu ildə TI AAWS-M kompleksi “Dragon”un əvəz edilməsi ilə bağlı müsabiqənin qalibi elan edildi və 1991-ci ildə FGM-148 “Javelin” indeksi aldı.

İlk partiyası 1996-cı ildə ABŞ Ordusunun silahlanmasına daxil edilmiş “Javelin” kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.3 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem-kumulyativ döyüş başlığına malik raket bəzi məlumatlara görə 600, bəzi məlumatlara görə yeni versiyalarda 800 mm qalınlığında zirehi dəlməyi bacarır. Buraxılan raket 330-660 fut yüksəkliyə qalxaraq hədəfə 45 dərəcə bucaq altında hücum edir.

Açılan qanadlı klassik aqrodinamik sxemə əsaslanan “Javelin” raketi avtomatik tuşlanan infra-qırmızı başlıqla təchiz edilib. “Yumşaq işəsalma” sistemi raket buraxıldıqdan sonra atıcıdan təhlükəsiz məsafədə marş mühərrikini işə salır. Kontaktlı və kontaktsız sensorlarına malik iki rejimli partlayıcı hədəflə toqquşma və ya onun üzərində kiçik hündürlükdə partlayıcı maddənin istiqamətləndirilmiş detonasiyanın həyata keçirməyə imkan verir.

“Javelin”in infraqırmızı özütuşlanan başlığı 3D6 kimi sovet tüstü qumbaralarının arasında texnikanı görməyi bacarır. Hansı ki, bu tüstülər 0.7-1.4 mkm işçi diapazonda görünüşü bloklayır. Lakin rusiyalı ekspertlər iddia edirlər ki, “Ştora-1” optik-elektron əks-təsir qurğusu və 3D17 kimi tüstü qumbaraları raketin özütuşlanan başlığının görüntü imkanlarını minimallaşdırmağı bacarır. Hərçənd ki, “Ştora-1” kimi köhnə sistemlər “Javelin” kimi TƏİR-lərin uçuş trayektoriyasını müəyyən edə bilən radarlara və ya ultrabənövşəyi pelenqatorlara malik deyillər. Bu sistemin mövcud olduğu tanklarda heyət TƏİR-i vizual aşkarladığı zaman mexaniki şəkildə maneə qoya bilər.

“At-unut”, “at-düzəliş et” və “at-yönəlt” rejiminə sahib olan raket buraxıldıqdan sonra atıı mövqeyini dəyişə və ya ilk raket havada olarkən növbəti hədəfə atəş etməyə hazırlaşa bilər. Raketin izləmə kamerası sayəsində atışdan sonra uçuş trayektoriyası üzrə bütün görüntülər idarəetmə mərkəzinə ötürülür. Bu informasiyalar əsasında, hədəfləri dəyişdirmək mümkündür. “Javelin” raketləri binaların içərisindən və ya bunkerlərdən rahatlıqla atıla bilir.

Estoniya isə 2014-cü ildə ABŞ-dan 120 “Javelin” CLU, 16 ədəd simulyator, 350 ədəd idarə olunan raket, 102 ədəd təlim raketi satın alıb

“Javelin”in komanda-işəsalma qurğusu (CLU) hədəflərin axtarışı və müəyyən edilməsi üçün gündüz və gecə görmə kameralarından ibarət optik modul və germetik buraxıcı qurğunu özündə birləşdirir. İstehsalçı şirkət 2013-cü ildə CLU-nun yeni versiyasını operatorlara təklif edib. Bu versiyada gündüz kanalı 5 meqapiksel kamera ilə əvəz edilib. Yeni kompleks həmçinin ballistik hesablamaların yaxşılaşdırılması üçün GPS qəbuledici və lazer məsafəölçənlə təchiz olunub.

Mütəxəssislərin sözlərinə görə, “Javelin”in əsas çatışmazlığı mənzilinin qısa olmasıdır. Bu səbəbdən hədəf operatorun düz görünüş zonasında yerləşməlidir ki, yaxşı maskalanmazsa atıcı özü hədəf tankın qurbanı ola bilər. Digər dezavantaj isə hədəfi tutmaq üçün termal görüntünün əldə olunmasıdır. Soyuducu komponenti sistemi soyudana qədər termal mənzərəni əldə etmək mümkün deyil. İstehsalçı bu proses üçün 30 saniyəyə qədər vaxtın tələb olunduğunu bildirsə də, ətraf mühitdəki temperaturdan asılı olaraq bu daha uzun çəkə bilər.

Cari ilin yanvar ayında ABŞ Ordusu ilə “Javelin JV” arasında “Javelin” ailəsinin yeni – 5-ci nəsil FGM-148F modifikasiyasının 2100 ədədlik birinci partiyasını tədarükünə dair ilk müqavilə imzalanıb. İstehsalçı müəssisənin məlumatına görə, FGM-148F TƏİR-in atışa nəzarət rejimləri yenilənib. Yeni modifikasiya yüksək partlayış gücünə malik MPWH adlı tandem-kumulyativ döyüş başlığı ilə təchiz olunub. Hazırda “Raytheon” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi “Javelin” ailəsinin daha da inkişaf etdirilməsi üçün yeni G-Model (FGM-148G) idarə olunan raket versiyasının yaradılması üzərində işləyir. FGM-148G modifikasiyasının rahat daşınması üçün çəkisi daha da azaldılacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş