Rusiya “Bayraktar TB2” zərbə PUA-dan qorunma tədbirləri görür

Rusiya “Bayraktar TB2” zərbə PUA-dan qorunma tədbirləri görür

Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan və artıq real döyüşlərdə öz taktiki-texniki xassələrini sübut etmiş “Bayraktar TB2” (Taktik Blok 2) zərbə PUA-dan qorunmaq üçün ölkənin qərb hissəsini müdafiə edən Qərb Hərbi Dairəsinin (QHD) qoşunlarını “Tor-M2” ZRK ilə yenidən silahlandırır.

“Poliqon” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr Qərb Hərbi Dairəsininin qoşunlarının yeni 9K332 “Tor-M2” yaxın mənzilli ZRK ilə yenidən silahlandırmağa qərar verildiyini bildirib.

“Tor-M2” ZRK müasir hava təhdidlərinə qarşı effektlidir, qanadlı raketlər, zərbə PUA-ları və idarə olunan aviasiya bombaları ilə silahlanmış yüksək texnoloji düşmənlə mübarizə aparmaq üçün nəzərdə tutulub.

“Tor-M2” ZRK gecə və gündüz istənilən havada hədəfi avtomatik olaraq aşkar edir, müşayiətetməyə götürür və məhv edir. Belə komplekslər Rusiyanın Mərkəzi bölgəsində Quru Qoşunlarının hava hücumundan müdafiə imkanlarını kökündən artıracaqdır.

“Tor-M2” ZRK Nijni Novqorod yaxınlığındakı Mulino qəsəbəsində yerləşən 6-cı Əlahiddə tank briqadasına, bundan əvvəl isə sınaqlar çərçivəsində QHD 1-ci Tank ordusuna verilib.

Müdafiə Nazirliyi ilə “Kupol” İjevsk elektromexanika zavodu arasında 2019-2027-ci illərdə “Tor-M2” və onun Arktika versiyası “Tor-M2DT” ZRK-nin böyük partiyasının istehsalı üçün müqavilələr imzalanıb. İmzalanmış iki müqavilənin dəyəri 100 milyard rubl və ya 1,3 milyard ABŞ dolları təşkil edir.

Rusiyanın motoatıcı və tank birləşmələrində “Tor-M2” ZRK zərbə PUA-ları və idarə olunan döyüş sursatları ilə mübarizə apara bilməyən köhnəlmiş 9K33M3 “Osa-AKM” ZRK əvəz edir.

Kompleksin əsas fərqləndirici xüsusiyyəti hərəkətdə dayanmadan atəş etmək bacarığı sayəsində yürüşdə texnikanı qorumasıdır. Əvvəlki versiyalarla müqayisədə yeni kompleksdə döyüş dəsti ikiqat artırılaraq 16 raketə çatdırılıb. 9M338 zenit idarə olunan raketlərdə məhvetmə zonası genişləndirilib və atəş dəqiqliyi artırılıb PUA-lara qarşı mübarizə vasitələrinin qiymətini azaltmaqdan ötrü hazırda “Tor-M2” ZRK üçün kiçik zenit raketləri hazırlanır.

Rusiya Federasiyası Quru Qoşunlarının Baş Komandanı ordu generalı Oleq Leonidoviç Salyukovun sözlərinə görə “”Tor-M2″ ZRK düşmənin taktiki PUA-larına qarşı ən təsirli vasitədir”.

Tor-M2 ZRK ilə yenidən silahlanmış bütün hərbi hissələr Rusiyanın qərbində dislokasiya olunub.

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş