Rusiya Dağıstanda Xəzər Flotiliyası üçün yeni baza tikir

Rusiya Müdafiə Nazirliyi Xəzər dənizində yeni hərbi bazanın tikintisinə başlayıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Rusiya Dağıstanın Kaspiysk limanında tikiləcək hərbi bazada Flotiliyanın bütün raket gəmilərini yerləşdirə biləcək.

“2020-ci ilə qədər yeni hərbi bazanın tikintisinin tamamlanması planlaşdırılır. Yeni obyekt yüksək dəqiqlik silahlarla təchiz edilmiş suüstü gəmilərin böyük güclərinin yerləşdirilməsi üçün nəzərdə tutulub. Bütün tikinti işləri qurtardıqdan sonra o Xəzərdə Hərbi Dəniz Qüvvələrinin əsas bazası olacaq”, – deyə Rusiya Müdafiə Nazirliyi bəyan edib.

Bildirilib ki, layihə üzrə hərbi liman tikintisi ilə yanaşı, həm də döyüş sursatları üçün anbarlar, hospital, hərbi qulluqçular üçün kazarmalar və zabit heyəti üçün evlərin inşa olunması nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, artıq hərbi bazanın tikintisi üçün lazımi tapşırıqlar verilib, qərargah formalaşdırılıb, araşdırma aparılıb və lazım olan infrastrukturun vəziyyəti təhlil edilibdir.

Qeyd edək ki, bundan əvvəl bazanın yaradılması üçün seçilmiş yerdə kiçik hərbi şəhərcik olub və burada dəniz piyada qoşununun bölmələri yerləşdirilirdi.

KATEQORIYA:
Bu xəbəri paylaş