Rusiya “Malva” özüyeriyən artilleriya qurğusunun dövlət sınaqlarına hazırlaşır

Rusiya “Malva” özüyeriyən artilleriya qurğusunun dövlət sınaqlarına hazırlaşır

Rusiya Hərbi-Sənaye Kompleksinin yeni məhsulu olan 2S43 “Malva” özüyeriyən artilleriya qurğusu (ÖAQ) dövlət sınaqları mərhələsinə 2022-ci ildə çıxarılacaqdır.

“Poliqon” xəbər verir ki, mətbuata sızdırılmış məlumata əsasən, 2021-ci ildə ÖAQ sınaq nümunəsi qəbul-təhvil sınaqlarını keçəcək və bu sınaqlar zamanı topun texniki tapşırığın tələblərinə uyğunluğu yoxlanılacaq.

Qəbul-təhvil sınaqlarına 2021-ci ilin yazında və ya yayında başlanılacağı gözlənilir. Sınaqlar zamanı “Malva” ÖAQ-dan müəyyən sayda atəş aparılaraq atış sınaqları, həmçinin müxtəlif torpaqlı şəraitdə yürüş sınaqları keçiriləcək.

Sınaqların nəticələri müsbət olduğu təqdirdə qurğu dövlət sınaqlarına buraxılacaq. Dövlət sınaqlarının keçirilməsinin başlanğıcı isə 2022-ci ilin birinci rübünə planlaşdırılıb.

Qeyd etmək lazımdır ki, qurğunun zavod sınaqları 2020-ci ilin sonlarında başa çatıb.

2S43 “Malva” ÖAQ “Nabrosok” sınaq-konstruktor işi çərçivəsində “Burevestnik” Mərkəzi Elmi-Tədqiqat İnstitutu tərəfindən layihələndirilib. Hələlik taktiki-texniki xassələri və digər xüsusiyyətləri geniş publikaya açıqlanmır. İlk dəfə 2019-cu ildə qapalı rejim şəraitində nümayiş etdirilib.

Yalnız məlumdur ki, “Malva” ÖAQ-da əsas atəş komponenti olaraq 152 mm-lik 2A64 haubitsasından istifadə olunub, təkmilləşdirilmiş varıantının da tətbiqi üzərində işlənir. Bu haubitsa 152 mm-lik 2S19 “Msta-S” ÖAQ-da da istifadə olunur. Daşınan döyüş dəsti 30 atəş yığımı, ÖAQ döyüş vəziyyətində kütləsi 32 ton təşkil edir.

ÖAQ şassisi qismində “Bryansk avtomobil zavodu”nun BAZ-6010-027 markalı 8×8 təkər formullu yüksək keçidlikli avtomobilindən istifadə olunub.

Məlumat üçün qeyd edək ki, “Nabrosok” sınaq-konstruktor işi çərçivəsində 152 mm-lik 2S43 “Malva” ÖAQ-dan başqa, həmçinin “Ural-VV” zirehli avtomobilinin şassisində 120 mm-lik “Floks” özüyeriyən artilleriya silahı, DT-30MP ikihissəli dartıcı şassisində 120 mm-lik “Maqnoliya” “arktik” özüyeriyən artilleriya silahı və “Tayfun-VDV” zirehli avtomobilinin şassisində 82 mm-lik “Drok” minaatanı layihələndirilib.

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş