
Rusiya Müdafiə Nazirliyi bu ilin sonunda Ka-52M helikopterlərini təhvil alacaq
Rusiyanın təkmilləşdirilmiş ilk iki Ka-52M “Superaliqator” helikopterinin 2020-ci ilin dekabrına qədər Müdafiə Nazirliyinə təhvil verilməsi planlaşdırılır.
Bu barədə “AzeriDefence” “İzvestiya” nəşrinə istinadən məlumat verib.
Ötən ilin aprel ayında dövlət sifarişi əsasında imzalanmış müqavilə çərçivəsində Ka-52 hərbi helikopterlərinin təkmilləşdirilməsinə başlanılıb.
Bu ilin dekabrında dövlət sınaqları başlayacaq Ka-52M helikopterinin 2022-ci ilin oktyabrına qədər sınaqları tamamlanmalı və əldə olunan nəticələrlə digərlərinin modernləşdirilməsi planlaşdırılıb. Rusiya mütəxəssislərin sözlərinə görə, Ka-52 helikopterlərinin təkmilləşdirilməsi yenisini hazırlamaqdan xeyli ucuz başa gələcək.
Məlumatda o da qeyd olunub ki, avqustda keçiriləcək “Armiya-2020” beynəlxalq hərbi-texniki forumu çərçivəsində Rusiya Hava-Kosmik Qüvvələrinin ehtiyaclarının qarşılanması üçün bu tip yüzlərlə döyüş helikopterinin alınmasına dair müqavilə bağlanacağı gözlənilir.