Rusiya Ordusu Ermənistanda təlimlərə başlayıb

Rusiya Cənub hərbi dairəsinin (CHD) Ermənistanda yerləşdirilən döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.

“AzeriDefence”in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri polkovnik Vadim Astafyev bildirib.

Təlimdə təxminən 500 hərbçi və 100-dən çox texnika, həmçinin “Buk-М1-2” və S-300V zenit-raket kompleksləri, Erebunidəki Rusiya hərbi bazasının “МiQ-29” döyüş təyyarələri, “Мi-24P” və “Мi-8МТ” helikopterləri iştirak edir.

Təlim iştirakçıları daimi düzülüş məntəqələrində hərbi obyektləri maskalayaraq gizlədəcək, mürəkkəb hava və yerüstü mühit şəraitində hava hədəflərinə qarşı döyüş mövqeyi seçəcəklər.

Bundan başqa, Kamxud və Alagöz yüksək dağ poliqonlarında hərbi qulluqçular zenit raket komplekslərinin hesablamalarının qarşılıqlı təsirini, hədəflər üzrə elektron işə salmaları yerinə yetirəcəklər.

Təlimlər Cənubi Qafqaz region üzrə Rusiya birləşmələrinin qış dövri döyüş hazırlığı yoxlamaları çərçivəsində keçirilir.

Rusiya CHD qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərlik etdiyi təlimlər həftə ərzində davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş