Rusiya Ordusunda zərbə robot sistemləri ilə təchiz olunmuş ilk bölmə yaradılır

Rusiya Ordusunda zərbə robot sistemləri ilə təchiz olunmuş ilk bölmə yaradılır

Rusiya Federasiyasının Müdafiə Nazirliyi orduda zərbə robot sistemləri ilə təchiz olunmuş ilk bölməni yaradır.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Uran-9” kompleksləri ilə təchiz olunmuş ilk təcrübə bölməsi Müdafiə Nazirliyinin elmi-tədqiqat mərkəzlərindən birinin bazasında yaradılır. Yeni yaradılan bölmə əvvəlcə, belə bölmələrin tətbiqi üsullarının və formalarının hazırlanması ilə məşğul olacaq, daha sonra mərkəzin bazasında “Uran-9” komplekslərinin və hələlik qoşunlara tədarük edilməmiş digər komplekslərin istifadəsi üçün kadrların hazırlanmasına başlayacaq.

Quru Qoşunlarının baş qərargahının rəisi general-polkovnik Vasili Tonkoşkurovun sözlərinə görə, “Rusiya Federasiyası Silahlı Qüvvələri beş dəst “Uran-9” robot sistemi və ya 20 döyüş maşını daxil olacaq zərbə robotlu ilk bölmə yaradacaq”.

Əvvəllər “Uran-9” kompleksləri yalnız fərdi olaraq istifadə olunurdu. “Uran-9” kompleksi 2016-cı ildə Rusiya ordusu tərəfindən qoşun sınaqlarına qəbul edilmiş, lakin kompleksin eksperimental döyüş əməliyyatı, eləcə də Suriyadakı real döyüş əməliyyatları zamanı idarəetmə, hərəkətlilik, atəş gücü, kəşfiyyat və müşahidə funksiyalarında çoxsaylı çatışmazlıqlar aşkar olunmuşdu. Modernləşmədən sonra kompleks 2020-ci ildə bitən dövlət sınaqlarına girmişdi.

“Uran-9” kompleksinin tərkibinə məsafədən idarəolunan dörd tırtıllı döyüş maşını, bir idarəetmə məntəqəsi və onların daşınması üçün nəqliyyat vasitəsi daxildir.

Döyüş maşınlarının əsas silahlanması 1 ədəd 30 mm-lik 2A72 avtomatik topundan və 1 ədəd qoşalaşdırılmış 7,62 mm-lik pulemyotumdan, 4 ədəd tank əleyhinə idarə olunan “Ataka” raketləri olan TƏİRK-dən və 12 ədəd RPO-A “Şmel-M” reaktiv odsaçanından ibarətdir. Yerinə yetirilən döyüş tapşırıqlarından asılı olaraq kompleks DZRK ilə əlavə silahlandırıla bilir.

“Uran-9” döyüş maşınının işləmə məsafəsi təxminən 1 km, çəkisi 7 tona qədərdir və mühərriki 190 at gücünü ötür.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş