Rusiya Qarabağa göndərilən sülhməramlı qüvvələrlə bağlı detalları açıqladı

Rusiya Qarabağa göndərilən sülhməramlı qüvvələrlə bağlı detalları açıqladı

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi general-polkovnik Sergey Rudski Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatlara həsr olunmuş brifinq keçirib.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Bildiyiniz kimi, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidentinin razılaşmalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs elan edilib. Hazırda hərbi əməliyyatlar hər iki tərəfdən dayandırılıb. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə dayanıblar. Rusiyanın sülhməramlı kontingenti atəşkəsin və hərbi əməliyyatların həyata keçirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ ərazisinə və Laçın dəhlizinə gətirilir. Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının bölmələrindən ibarət olan sülhməramlıların ümumi sayı 1960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarətdir. Sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün hərbi aviasiya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi də nəzərdə tutulur”, – deyə Sergey Rudski vurğulayıb.

General-polkovnik bildirib ki, sülhməramlı kontingent yalnız sülhməramlı tapşırıqları yerinə yetirmək üçün xüsusi təlim keçmiş hərbi qulluqçulardan ibarətdir: “Şəxsi heyət silahlı qarşıdurmalarda beynəlxalq humanitar hüquq normalarının öyrənilməsi və yerinə yetirilməsi üzrə xüsusi təlim keçib. Demək olar ki, bütün hərbi personalın Suriyada humanitar əməliyyatları dəstəkləmək və qorumaq üçün tapşırıqları yerinə yetirmək təcrübəsi var”.

Sülhməramlı kontingent BTR-82A zirehli transportyorlar, “Tiqr” və “Tayfun” zirehli maşınları da daxil olmaqla müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilib.

Bildirilib ki, Ermənistan ilə Azərbaycan arasında imzalanan müqavilələrə uyğunluğa nəzarət etmək üçün “Şimal” və “Cənub” cavabdeh sahələrində on altı müşahidə məntəqəsinin yaradılması planlaşdırılır. Onlar tərəflərin Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdiriləcəklər.

“Atəşkəs rejiminin pozulması halları barədə məlumat toplamaq, bu məlumatları dərhal sülhməramlı qüvvələrin komandanlığına çatdırmaq, eyni zamanda tranzit nəqliyyatın təhlükəsizliyini qorumaq və mülki şəxslərə qarşı qanunsuz hərəkətləri durdurmaq vəzifəsi onlara həvalə edilib. Sülhməramlılar əməliyyat bölgəsində, sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələrinin vəzifələrini də yerinə yetirəcəkdir. Onlara tərəflərin təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etmək həvalə olunur”, – deyə general-polkovnik Sergey Rudskiy vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş