Rusiya Qəbələ RLS-i rəsmən dayandırdı

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radio Lokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib.

Danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb.

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Azərbaycan stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib.

Yayılan məlumatlara görə, Azərbaycan hazırda RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.

KATEQORIYA:
Bu xəbəri paylaş