Rusiya Su-35-ləri silahlanmaya daxil edir

Su-35 qırıcılarının Rusiya Hərbi Hava Qüvvələrində (HHQ) silahlanmaya daxil edilməsi prosesinə 2012-ci ilin sonundan başlanacaq.
“AzeriDefence”nin məlumatına görə, Rusiya HHQ-nın polkovniki Vladimir Drik yerli mətbuata açıqlamasında deyib ki, hərbi hava qüvvələrinin bölmələri çoxməqsədli, yeni Su-35 təyyarələrinin ilk partiyasını alacaq: “Hazırda Su-35-in sınaqları Axtubinsk Təlim Mərkəzində yekunlaşmaq üzrədir. Bu ilin sonunda isə ilk 6 Su-35 qırıcıları hərbi hissələrə veriləcək”.

Rusiya Müdafiə Nazirliyi ilə “Suxoy” kompaniyası arasında imzalanan müqaviləyə əsasən 2015-ci ilə qədər hərbi hava qüvvələri 48 qırıcı ilə təmin olunacaq.

Qeyd edək ki, Su-35 təyyarəsi yüksək manevr imkanlarına malik, çoxməqsədli, “4++” nəsl qırıcısı hesab olunur. Qırıcının bəzi texniki xarakteriskası beşinci nəslin tələblərinə cavab verir. Təyyarə yeni qanad, mühərrik və idarəetmə ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş