Rusiya T-80 tanklarını modernləşdirir

Rusiya Müdafiə Nazirliyi “Uralvaqonzavod” şirkəti ilə T-80 tanklarının modernizə edilməsi ilə bağlı müqavilə imzalayıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Omsk” maşınqayırma zavodunun rəsmi saytı məlumat yayıb.

Zavodun baş direktoru İqor Lobovun sözlərinə görə, imzalanan dövlət müqaviləsi uzunmüddətli olacaq. İqor Lobov T-80 tankların modernizə edilməsi zavodun istehsal güclərinin yüksəlməsi və zavodda iqtisadi vəziyyətin yaxşılaşması üçün müsbət rol oynayacağını deyib.

Bildirilib ki, “Omsk” maşınqayırma zavodu tərəfində 1976-cı ildə istehsal edilən T-80 tankının modernizə edilməsi tankın xarakteristikasını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Yeni modernizə işləri sayəsində müdafiə sistemi gücləndiriləcək, tankın atış gücü səviyyəsi daha da artırılacaq.

Həmçinin “Omsk” maşınqayırma zavodunda aparılan modernləşmə nəticəsində T-80-ın dinamik müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Ən müasir tank əleyhinə vasitələrə və tandem döyüş başlıqlı raketlərə qarşı zirehli qoruması olacaq.

Bununla yanaşı, T-80 tanklarında “Pelenq” şirkətinin istehsalı olan “Sosna-U” çoxkanallı tuşlayıcı nişangahı, habelə digər müasir cihazlar qurulacaq. İki səthdə stabilləşdirilmiş “Sosna-U” kompleksinə televiziya və infra-qırmızı kanal, həmçinin idarə olunan mərmilərlə atəş açmağa imkan verən, hədəfləri işıqlandıran lazer məsafəölçən daxildir. Tuşlayıcı və komandir bölməsi monitorla, radiostansiya və GPS/QLONASS peyk naviqasiya sistemi ilə təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş