Rusiya və Türkiyə orduları əməliyyatları vahid informasiya mərkəzindən həyata keçirəcəklər

Rusiya və Türkiyə ordularının baş qərargahı Suriyadakı hərbi əməliyyatların koordinasiya olunmuş şəkildə həyata keçirilməsinə dair qərar veriblər.

“AzeriDEfence”nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərdə bildirilir ki, fevralın 9-da axşam saatlarında Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimovla Türkiyə Ordusunun baş qərargah rəisi Hulusi Akar arasında telefon danışığı olub.

Telefon danışığı zamanı V. Gerasimov Suriyada İŞİD-ə qarşı keçirirlən əməliyyat zamanı Rusiya Hərbi Kosmik Qüvvələrinin döyüş təyyarələrinin Türkiyə Ordusunun bölmələrini səhvən bombalamasına görə, H. Akara başsağlığı verib.

V.Gerasimov bunu əməliyyatı həyata keçirən Rusiya və Türkiyə hərbi birlikləri arasında informasiya-rabitə koordinasiyasının olmaması ilə əlaqələndirib.

Baş qərargah rəisləri bundan sonra hərbi birləşmələrin əlaqəli şəkildə əməliyyatlar keçirəcəyinə dair qərar qəbul ediblər.

Qeyd edək ki, Rusiyanın Su-24 döyüş təyyarəsinin bombardımanı nəticəsində Türkiyənin əl-Bab şəhəri ətrafında dislokasiya olunan birləşməsinin 3 hərbçisi həlak olub, 10-dan çoxu isə yaralanıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, başsağlığını verib.

KATEQORIYA:
Bu xəbəri paylaş