Rusiya Xəzər dənizindəki hərbi donanmasını yeni gəmilərlə gücləndirir

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması 2016-2017-ci illərdə yeni gəmilərlə təchiz olunacaqlar.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı yerli mediaya Xəzər Donanmasının komandanı, kontr-admiral İqor Osipov verib.

Onun sözlərinə görə, bu ilin martından başlayaraq, donanmaya qəbul olunması üçün SB-738 yeni xilasetmə gəmisinin Xəzərdə sınaqlarına başlanılacaq. Bundan başqa donanmanın silahlanmasına “Murena” desant katerləri də veriləcək.

O. Osipov bildirib ki, 2020-ci ilə kimi donanma 6 döyüş gəmisi və katerlə təchiz olunacaq.

Komandan qeyd edib ki, artıq Xəzər donanmasının gəmi parkının 80 faizi müasir və modernləşdirilmiş gəmilərdən ibarətdir. 2020-ci ilə kimi isə bu proses gəmi parkının 90 faizini əhatə edəcək.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin bir müddət əvvəl açıqladığı xəbərdə bildirilmişdi ki, son 2 il ərzində Xəzər donanmasının silahlanmasına 13 yeni gəmi (“Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”), 7 qəza-xilasetmə kateri, SB-45 xilasetmə gəmisi və qaldırıcı qurğusu olan BTR-79 gəmisi verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş