Rusiyanın Baş Qərargah rəisi Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub

Müdafiə Nazirliyində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ordu generalı V.Gerasimov fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq “Şərəf Kitabı”nda ürək sözlərini qeyd edib.

Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov V. Gerasimovu qəbul edib.

Geniş tərkibdə keçirilən görüşdə general-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən aprelin 8-də Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına hazırlıq məslələri müzakirə edilib.

Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ordu generalı V.Gerasimovu qəbul edib.

İki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edən müdafiə naziri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat verib. Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da öz növbəsində dövlətlərarası əlaqələrin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Rusiya hərbi əlaqələri, tərəfdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə ordu generalı V.Gerasimov Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş