Rusiyanın Xəzər Flotiliyasının gəmiləri Azərbaycana gələcək

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının gəmiləri təlim-yürüş çərçivəsində Qazaxıstan və Azərbaycana səfər edəcək.

“AzeriDefence”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev bildirib.

V.Astafyev qeyd edib ki, “Velikiy Ustyuq” kiçik raket gəmisi və əlavə təchizat gəmilərindən ibarət Xəzər donanmasının gəmi dəstəsi təlim-yürüş tapşırıqlarını icra etmək üçün açıq dənizə çıxıb.

Xəzəryanı ölkələr arasında beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün Rusiya dənizçiləri təlim-yürüş tapşırıqlarının yerinə yetirilməsi zamanı iki xarici dövlətin – Qazaxıstan və Azərbaycan limanlarını ziyarət edəcəklər.

V.Astafyevin sözlərinə görə, 25 günlük yürüşdə gəmi dəstəsinin məqsədi Xəzər dənizində Rusiya gəmilərinin hərbi-dəniz mövcudluğunu təmin etməkdir. Həmçinin gəmilərin ekipajları neft və qaz hasilatı sənayesi obyektlərinin qanunsuz silahlı qruplaşmalar tərəfindən mümkün təhlükələrdən müdafiəsi üzrə iki günlük təlim keçirəcək.

Dəniz təlim-yürüşü zamanı “Velikiy Ustyuq” kiçik raket gəmisi və təchizat gəmilərinin ekipajları birgə manevr etmə, axtarış-xilasetmə təminatının elementləri, dəniz, hava və sahil hədəfləri üzrə artilleriya atışıyla döyüş tapşırıqları keçirəcək. Gəmilərin yürüş zamanı Xəzər dənizində 2000 mildən çox məsafə qət edəcəyi planlaşdırılıb.

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş