Ruslar KORAL-ın S-400-ə qarşı tətbiqindən əndişələnirlər

Türkiyənin hava sərhədlərini pozmuş ruslara məxsus Su-24 təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra, Rusiyanın Suriyaya S-400 (SA-21 Growler) zenit-raket kompleksləri yerləşdirməsi, ardınca Türkiyənin Suriya ilə sərhədə KORAL radioelektron mübarizə sistemini göndərməsi ciddi müzakirələrə yol açıb.

“AzeriDefence”nin məlumatına görə, Rusiya KİV-lərinə müsahibələrində bu ölkənin hərbi ekspertləri öz sistemlərini mümkün qədər tərifləməyə çalışsalar da Türkiyənin silahlanmaya yeni qəbul etdiyi KORAL sisteminin onlara fifayət qədər problemlər yaradacağını ifadə ediblər. Rusiyalı hərbi ekspertlər bununla da istər istəməz Türkiyə ilə hərbi sahədə hesablaşma məcburiyyətində qalındığını dolayısı ilə ifadə etmək məcbuuriyyətində qalıblar.

Məsələn, “Vzqlyad” qəzetinə müsahibəsində Strategiya və Texnologiyalar Mərkəzinin (AST) eksperti Sergey Denisentsev bildirib ki, S-400 kompleksi aktiv fazalı barmaqlıqlı antenaya malik ən güclü radara malikdir. Amma bununla belə, radioelektron mübarizə sistemi ilə bu radarın işini çətinləşdirmək, raketlərin hədəfə istiqamətlənməsini yayındırmaq mümkündür. Ekspert hesab edir ki, radioelektron mübarizə sistemi qəbul edici radara yanlış siqnallar göndərməklə onu qarışdırır.

Aselsan koral

KORAL

Ekspert KORAL sisteminin texniki göstəricilərinin gizli saxlanıldığını və bu baxımdan da onun daha ciddi qarşılanmasını düşünür.

“KORAL tamamilə yeni sistemdir. Türklər ilk dəfə onu yarım il əvvəl İstanbulda IDEF sərgisində göstərdilər. Onu türk hərbçiləri də ilk dəfə sərgidə gördülər. Amma bu o demək deyil ki, sistem hələ döyüşlərdə, manevrlərdə yoxlanmayıb”, – deyə ekspert xatırladıb.

Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov isə qeyd edib ki, KORAL və digər sistemlər vasitəsi ilə Türkiyə tərəfi ruslara maneələr yarada, ayrı-ayrı istiqamətlərdə hansısa miqyasda Rusiyanın əlində olan sistemlərin effektini azalda bilərlər. Məsələn, hədəfin aşkar edilməsi uzaqlığının burada 20 faizədək azaldılması mümkündür. Ekspert deyib ki, S-400 radarının siqnalları maneələrə qarşı yüksəldilmiş müdafiəyə malikdir: “Bu stansiyaların yatırılmasını təmin etmək üçün, məntiqi və bu sistemin alqoritmlərini bilmək lazımdır”.

Rusiya Hərbi Hava Qüvvələrlərinin 4-cü hava ordusunun sabiq komandanı, general-leytenant Valeri Qorbenko isə AİF.ru saytına deyib ki, KORAL-ın dəqiq xarakteristikaları Türkiyədə sirr olaraq saxlanılır və bunu türklərin özlərindən başqa, hələ ki heç kim bilmir. “Mən hesab edirəm ki, Rusiya S-400-ü yalnız mövcud sistemlər üçün deyil, həm də bütün perspektivli türk sistemləri üçün əlçatmaz qalmır”.

General KORAL sistemini Rusiyanın “Krasuxa” sistemi ilə müqayisə edib. O qeyd edib ki, “Krasuxa”nın barəsində də KORAL kimi informasiyalar olduqca azdır.

Qeyd edək ki, ASELSAN tərəfindən hazırlanan mobil Yerüstü Radar Aldatma Sisteminin (Kara KOnuşlu Radar ALdatma – KORAL) nümunəsi İDEF-2015 sərgisində təqdim olunub. Standart konfiqurasiyada KORAL ayrı-ayrı maşınlar üzərində yerləşən Radar Elektron Dəstək (ED) və Radar Elektron Hücum (ET) sistemlərindən ibarətdir.

c-400

S-400 ZRK və onun radarı

Sistemin idarəsi NATO standartlarına uyğun istehsal edilmiş, nüvə, bioloji və kimyəvi təhdidlərə qarşı qorumalı Əməliyyat Nəzarət Konteynerindən həyata keçirilir, kompleks Tapşırıqların Planlaşdırılması və Tapşırıqların Analizi proqramı ilə birgə təklif olunur. Tapşırıqların Planlanması proqramı ilə verilən tapşırıq üzrə öncədən müvafiq əraziyə uyğun hazırlıqlar və analizlər aparılır. Tapşırıqların Analizi proqramı vasitəsi ilə əməliyyat zamanı qeydə alınan radar siqnallarının detallı şəkildə parametrləri analiz olunur.

KORAL ED sistemi özündəki istiqamət və mövqe müəyyənləşdirə bilmə alqoritmləri ilə yüksək dəqiqliklə bucaqları və yeri müəyyənləşdirməyi bacarır, KORAL ET sistemini sürətli və yüksək həcmdə məlumatları təmin edir. KORAL ET sistemi isə müasir elektron mübarizə texnologiyalarından istifadə edərək, hədəf radarların təsir sahəsini azaldır, rəqibin radarlarının yanlış informasiyalar istehsal etməsinə şərait yaradaraq, dost qüvvələrin əməliyyat qabiliyyətini artırmış olur. KORAL ET sistemi fazalı antenası sayəsində eyni zamanda çox sayda radar sisteminə qarşı tətbiq oluna bilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş