Səfərbərlikdən tərxis olunmuş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir

Səfərbərlikdən tərxis olunmuş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir

Səfərbərlikdən tərxis olunmuş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən işə başlayıb.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən ötən gün ərzində 329 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Müraciətlərin operativ araşdırılması, vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Bu qrup tərəfindən yanvarın 11-də 90-dan çox müraciət qəbul edilib. Müraciətlərin 45-i yerində baxılaraq həll olunub.

Uzaqda yaşayan vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq həmin şəxslərin müraciətlərinə uyğun olaraq, lazımi sənədlərin əldə edilməsi üçün aidiyyəti hərbi hissələrə komissiya tərəfindən müvafiq sorğular göndərilir.

Qeyd edək ki, komissiyanın fəaliyyətindən vətəndaşların məmnunluq dərəcəsinin öyrənilməsi məqsədilə rəy sorğusu da keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş