Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi yaşayış evi verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi yaşayış evi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün 11 rayonda (Masallı, Astara, Yevlax, Şəmkir, Zaqatala, Ağdaş, Ağcabədi, Şamaxı, Füzuli, Cəlilabad, Hacıqabul) 35 fərdi yaşayış evi təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azeri Defence saytına verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə genişlənir.

Əgər 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə,  2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan 1100-dən çoxu artıq verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi evlərlə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş