Sərhədçilər Xəzərdə köməksiz vəziyyətdə qalan şəxsi xilas edib

Sərhədçilər Xəzərdə köməksiz vəziyyətdə qalan şəxsi xilas edib

Çilov adası istiqamətində “SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranıb və küləyin təsiri nəticəsində bir nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənib. Üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Azeri Defence” saytına bildirilib ki, üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olan müraciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilib və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanan qayıq aşkar edilərək yedəyə alınıb, qayıqda olan şəxs – 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülüb və ona ilkin tibbi yardım göstərilib.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş