Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

Naxçıvan Muxtar Respublikasıda müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi prioritet vəzifələr sırasındadır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına da belə tədbirlərdən xeyli pay düşüb. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanılıb, hərbi qulluqçuların döyüş hazırlığı artırılıb.

Azeri Defence saytının AZƏRTAC-a istinadən verdiyi məlumatıa görə, briqadanın Şərur Əməliyyat Taboruna yeni avtomobillər təqdim edilməsi münasibətilə keçirilən tədbirdə bu barədə geniş danışılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov ordumuzun erməni vandalları üzərində qazandığı qələbə və 17 Noyabr – Naxçıvan Muxtar Respublikasında Bayraq Günü münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən idarəetmənin məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf yolu keçir. Naxçıvanın təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də sarsılmaz xalq-ordu birliyi çərçivəsində möhkəmlənən milli vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatıb, bütün sahələrdə dinamik inkişaf sakinlərin rahat və firavan şəraitdə yaşamasına səbəb olub. Muxtar respublikada hərtərəfli dövlət qayğısı ilə əhatə olunan silahlı qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilərək müasir tipli silah-sursat və nəqliyyat vasitələri ilə təchiz olunub.

Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında briqadanın fəaliyyətinin təşkili və idarə olunması istiqamətində məqsədyönlü tədbirlər görülərək, təşkilati-ştat strukturu mövcud əməliyyat şəraitinə uyğun yenidən komplektləşdirilib, hərbi hissələrin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılaraq müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılıb, maddi-texniki baza möhkəmləndirilib, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilib. Bu ilin oktyabr ayının 16-da isə briqadanın Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Fazil Ələkbərov ordumuzun qazandığı qələbədə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin şücaətindən danışıb, qazilərə sağlamlıq arzulayıb. Bildirib ki, bu gün xalqımızda və ordumuzun şəxsi heyəti arasında yüksək vətənpərvərlik ruhu vardır. Bu gün ordumuz qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə qadirdir. Qarabağda qızğın döyüşlərin getdiyi bir vaxtda – oktyabrın 16-da Şərur Əməliyyat Taboru üçün kompleksin istifadəyə verilməsi də dövlətimizin ordumuza göstərdiyi diqqətin növbəti nümunəsidir. Bu həm də ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisidir.

Nazir verilən yeni texnikalardan səmərəli istifadə olunacağına əminliyini bildirib və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.

Hərbi hissənin zabiti Məmməd Yusifov və gizir Sadiq Məmmədov onlara göstərilən qayğıya öz vəzifə borclarını yüksək səviyyədə yerinə yetirməklə cavab verəcəklərini bildiriblər.

Sonra yeni avtomobillərə baxış olub. Fazil Ələkbərov şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

Qeyd edək ki, bir “URAL”, bir “Zil-131” və 2 “Mitsubuishi L-200” markalı avtomobillər tabora Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən hədiyyə olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş